Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi reallaşıb. Muxtar respublika mərhələsinin qalibi kimi yarışa qatılan Ordubad rayonunun “Ümid” komandası üçüncü yerə layiq görülüb. Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası isə ikinci olub. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində reallaşan təntənəli tədbirdə ilk üç yerin sahiblərinə kubok, medal, diplom və mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənə, Respublikamızın hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayondan 187 məktəbin 875 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 11 komanda final mərhələsində mübarizəni davam etdirib. Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər. Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.